30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəyir. BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində olub. Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. İclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın- Xankəndi yolnun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman düşünülmüş xarici siyasət kursu həyata keçirir. Qonşu dövlətlərlə balanslı münasibətlər qurur. Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri hər zaman inkişaf etdirir. Ölkə başçımız Beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi məqsədilə hazırladığı və həyata keçirilməsinə böyük məharətlə rəhbərlik etdiyi konsepsiya, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmə bacarığı, strateji düşüncəni daim ön planda tutur. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasında Ermənistanın bu məğlubiyyətinə də zəmin yaratmış oldu. Dövlət başçımızın indiyədək dünyanın bir çox mötəbər kürsülərindən Azərbaycan hökumətinin Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmində olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlar öz təsirini bu şəkildə göstərdi. Çünki dünyanın həm siyasi elitası, həm də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini yaxşı bilirlər. Buna görə də qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən ümumiyyətlə bəhs etmədilər. Xüsusilə diqqətəlayiq bir hal da budur ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin gündəliyinə salınan və nəticə almayan məsələlər bir daha hansısa bir digər beynəlxalq təşkilatın gündəminə gətirilə bilməyəcəklər. Ermənilərin böyük ümid bəslədikləri Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatı da işə yaramadı. Məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara belə çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Bunun əvəzində isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirildi və bu, tamamilə Azərbaycanın maraqlarına cavab verir.BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı revanşist ruhlu qüvvələr və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi tamamilə uğursuzluğa düçar oldu. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır. Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı hər zaman dəstəkləyəcək.
Bahar Əliyeva,
Xocalı rayon sakini